Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır.Hesablamalara görə qara ciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir.
Ona görə də qara ciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qara ciyərin xaric edilməsi və ya məhv olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur.
Bəs, qara ciyərin əsas vəzifələri hansılardır?
Qara ciyər orqanizmin biokimyəvi laboratoriyasıdır.
Həkimlər onu məhz belə adlandırırlar. Bu qara ciyərin ən əsas funksiyalarından biridir. Məhz burada, dəri, ağ ciyərlər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan, orqanizmin yaşaması – fəaliyyət göstərməsi üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr (bunlar olmasa orqanizm yaşaya bilməz) istehsal olunur. Qara ciyər, yağların həzm edilməsi üçün vacib hesab edilən öd də istehsal edir. Gün ərzində qara ciyər 1 litrə yaxın öd hasil edir. Öd, qara ciyərin altında yerləşən öd kisəsində (ödün saxlanması üçün kisə) saxlanılır və lazım olduqda həzm prosesində istifadə olunur.
Qara ciyər – anbardır. Orqanizm üçün gərəkli olan maddələr qara ciyərdə toplanaraq, ehtiyac yarandıqca orqanizm tərəfindən istifadə olunur. Qan zərdabında hər zaman qlyukoza – başqa sözlə desək şəkər olmalıdır. Bu, beyin və əzələ hüceyrələri və eritrositlərin fəaliyyət göstərməsi üçün əsas enerji mənbəyidir. Hüceyrələr hər zaman qlyukoza ilə təmin olunmalıdırlar, əks halda onlar sadəcə olaraq yaşaya bilməzlər. Qlyukozanın ehtiyatı məhz qara ciyərdə saxlanılır. Qlyukoza suda həll olduğu üçün onu ehtiyat şəklində toplamaq orqanizm üçün münasib deyil. Buna görə də qara ciyər, qanda artıq miqdarda olan qlyukoza molekullarını tutaraq, onları həll olunmayan polisaxarid olan qlikogenə çevirərək, qranullar (dənəciklər) şəklində qara ciyər hüceyrələrində saxlayır və tələbat yaranan kimi yenidən qlyukozaya çevirərək qana daxil edir. Qara ciyərdə həmçinin vitaminlərdən – A, D, E, K, S, B12, nikotin və fol turşuları, mineral maddələrdən – mis, sink, kobalt, molibden və s. ehtiyatları da saxlanılır. Qara ciyərdə orqanizm üçün həyati əhəmiyyət kəsb edən və qan hüceyrələri olan eritrositlərin tərkibinə daxil olan, dəmir elementi də toplanılır.
Qara ciyər – bədəndə olan tullantıların yenidən emal edilməsi zavodudur.
Orqanizm üçün “artıq” hesab edilən və ya öz funksiyasını sona qədər yerinə yetirən maddələr məhz qara ciyərdə parçalanırlar. Məsələn, qan hüceyrələri olan eritrositlər 120 gün yaşadıqdan sonra qocaldıqları üçün orqanizmdən xaric edilməlidirlər. Qara ciyərdə belə eritrositləri tutaraq onları parçalayan xüsusi hüceyrələr mövcuddur. “Qoca” eritrositlərdən qara ciyərdə öd hazırlanır.
“Artıq” hesab edilən hormonlar da qara ciyərdə parçalanırlar. Qlyukozanın qlikogenə çevrilməsində iştirak edən insulin və qlyukaqon hormonları, cinsi hormonlar olan testosteron və estrogenlər, stres hormonu olan adrenalin və s. bu kimi hormonlardandır. Qara ciyərin xroniki xəstəliyi zamanı “artıq” hormonların qanda yığılması nəticəsində orqanizmin fəaliyyəti xeyli dərəcədə pozulur. Məsələn, qara ciyədə olan xəstəliklər nəticəsində, “artıq” olan cinsi hormonların qanda toplanması nəticəsində, kişilərin və qadınların cinsi sferasında problemlər və hətta sonsuzluq da yarana bilər.
Qara ciyər – təbii filterdir (süzgəcdir).
O, maddələr mübadiləsi nəticəsində orqanizmin özünün daxilində əmələ gələn,
həmçinin, qida, su, hava ilə orqanizmə xarici mühitdən daxil olan – zəhərləri,
toksinləri, kanserogen maddələri (xərçəng xəstəliyini törədə bilən maddələr)
tutaraq onları parçalayır. Bir sıra mürəkkəb biokimyəvi çevrilmələrdən sonra bu
toksinlər suda həll olunan zərərsiz maddələrə çevrilərək, sidik və ya öd vasitəsi ilə
bədəndən xaric olurlar. Qara ciyərin, cəmi bir neçə saat ərzində, öz fəaliyyətini
dayandırması, orqanizmin tez bir zamanda toksiki maddələrlə zəhərlənərək məhv
olmasına səbəb olur.
Qara ciyərdə qanda olan bakteriyaları tutan xüsusi hüceyrələr də vardır. Bu
hüceyrələr tutduqları mikroorqanizmləri udaraq onları məhv edirlər.
Qara ciyər – qan anbarıdır. Qara ciyərdə xeyli qan vardır, ancaq onun heç də hamısı qan dövranında iştirak etmir. Bu qanın kifayət qədər çox hissəsi (ümumi miqdarının 10%-ə qədəri) ehtiyatda saxlanılır. İnsan xeyli miqdarda qan itirdikdə, qara ciyərdə olan damarlar sıxılaraq, öz qan ehtiyatlarını ümumi qan dövranına qovaraq insanı şokdan xilas edir.
Bütün bu deyilənlərdən bizə aydın olur ki, qara ciyər orqanizmin çox vacib olan orqanıdır və onun fəaliyyətinin pozulması bir çox hallarda həqiqi fəlakətə də səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalmışdır. Qara ciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qara ciyər kimi, regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil! Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində o özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir! Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi olaraq ona təsir etməsi nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir ki, bu halda, qara ciyərin müxtəlif xəstəlikləri (və hətda ən qorxulu olan qara ciyər sirrozu-məhv olması) inkişaf etmiş olur.
Orqanik.az