Raxit azyaşlı uşaqların xəstəliyidir. Raxit mütləq olaraq müalicə tələb edilən xəstəliklərdəndir! Bir çox valideynlərin “uşaq böyudükcə keçib gedər” kimi fikirləri yanlış hesab olunur.
Raxit, əlbəttə, keçib gedəcək, ancaq vaxtında və düzgün müalicə olunmadığı halda uşaq orqanizmi üçün ağır fəsadlar verə bilər.
Vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, dös qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar qeyd oluna bilər. Müalicə olunmayan raxit süd və daimi dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxınıgörməyə (göz dibi əzələləri zəiflədiyi üçün) də səbəb olur. Qızlarda vaxtında müalicə olunmayan raxit xəstəliyi onlarda çanaq sümüklərinin də deformasıyasına səbəb olur. Gələcəkdə belə qızlar hamiləlik və doğuş zamanı əziyyət çəkirlər. Bundan, başqa raxitli uşaqlar soyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez hallarda yoluxurlar.
Əziz valideynlər, uşaqlarınıza qarşı çox diqqətli olun və raxit xəstəliyinin ilkin əlamətləri müşahidə edilən kimi, təxirəsalınmadan həkimə müraciət edərək xəstəliyin müalicəsinə başlayın! Raxitin ilkin əlamətləri kimi, uşağın yemək zamanı başın və alının tərləməsini qeyd etmək lazımdır. Bu zaman uşağın təri “turşməzə” olur (ana uşagını öpərkən bunu hiss edə bilər). Daha sonra uşaqda tər səpgiləri, qəbizlik əmələ gəlir. Uşağın dərisinə toxunanda dəridə qırmızı iz qalır ki, o da yalnız 1-2 dəqiqədən sonra keçib gedir. Daha sonralar uşaqda narahatlıq artır, diksinmələr olur, qarının böyüməsi, ənsə nahiyəsində yastılıq, keçəlləşmə qeyd olunur.
Xəstəliyin daha da ağırlaşmasına imkan verməyin. Vaxtında müalicə olunan raxit xəstəliyi gələcəkdə uşağınızın sağlam inkişafında təsirsiz keçib gedə bilər! Raxit xəstəliyinin müalicəsi kompleks şəkildə aparılır. Buraya masaj, müalicəvi idman hərəkətləri, 2 saatdan əskik olmayaraq gündəlik gəzintilər həmçinin həkim təyinatına uyğun olaraq kalsium və D vitamini preparatlarının qəbulu və s. daxildir.
Aşağıdakı hallarda uşaqlar raxit xəstəliyi ilə daha çox xəstələnirlər:
– əksər hallarda hamiləliyin sona çatmasından qabaq doğulan uşaqlar;
– dərisi daha açıq rəngli olan uşaqlar (onların dərisində D vitamininin əmələ gəlməsi daha zəif olur);
– süni qidalarla qidalandırılan uşaqlar və ya uşaqların əsas qidalarına əlavə olunmalı qidaların gecikdirilməsi;
– mədə-bağırsaq xəstəlikləri (bu zaman kalsium və fosforun sorulması ləngiyir) olan uşaqlar;
– irsi olaraq raxit xəstəliyinə meylli olan uşaqlar.
Orqanik.az