Əllərin əsməsi (tremor) fizioloji və patoloji ola bilər. Fizioloji tremor sağlam insanlarda fiziki gərginlik (ağır əşyaların qaldırılması və daşınması, idman və s.) və stress, depressiya, qorxu zamanı mümkündür.
Lakin sakit vəziyyətdə tremor özünü büruzə vermir. Fizioloji tremor normal haldır və heç bir xəstəliyin əlaməti deyil.
Qəhvə və tərkibində kofein olan digər içkilərin həddən artıq miqdarda qəbulu bütün bədəndə və, o cümlədən, əllərdə tremorun səbəbi ola bilər.
Patoloji tremor heç bir görünən səbəb olmadan, sakit vəziyyətdə baş verir. Patoloji tremor ciddi xəstəliklərin və pozulmaların əlaməti kimi meydana çıxır.
– Qalxanvari vəzinin fəaliyyətinin güclənməsi (hipertireoz) əllərdə tremorun səbəbi ola bilər. Tremordan əlavə belə xəstələrdə əsəbilik, həyacan, kəskin arıqlama, saçların tökülməsi, ürək döyünməsi, artmış tərləmə kimi simptomlar müşahidə olunur.
– Şəkərli diabet zamanı qanda şəkərin kəskin düşməsi əllərin əsməsinə səbəb ola bilər. Şəkərin düşməsi zamanı belə xəstələr halsızlıq hiss edir, tərləyir. Şirin çay, konfet, şəkərin qəbulundan sonra xəstənin vəziyyəti düzəlir. Belə xəstəyə vaxtında kömək edilməzsə, çox ağır hal – diabetik koma – inkişaf edə bilər.
– Bir çox halda əllərin əsməsinin səbəbi baş beyinin patologiyaları və xəstəlikləri olur. Bu xəstəliklər arasında: Parkinson xəstəliyi, dağınıq skleroz, Vilson xəstəliyi və s.
– Müxtəlif kəllə-beyin travmaları əllərin əsməsinə səbəb ola bilər.
– Alkoqolizm, narkomaniyadan əziyyət çəkən insanlarda əllərin əsməsi xarakterli simptomdur. Bunun səbəbi beyinin xroniki intoksikasiyasıdır (zəhərlənmə).
– Ziyanlı istehsalatda işləyən insanlarda da xroniki intoksikasiya inkiaşaf edir ki, bunun nəticəsində insanda əllərin əsməsi kimi simptom meydana çıxa bilər.
– Bəzən tremorun səbəbi bəzi dərman preparatlarının (xüsusilə sakitləşdirici preparatların) qəbulu ola bilər. Bu halda dərmanın qəbulu ləğv edildikdən sonra tremor adətən müəyyən müddətdən sonra özü özündən keçir.
Orqanik.az