Qulançar, mərəcüyüd, quşqonmaz (latınca adı Asparagus) — quşqonmazkimilər fəsiləsinə aid bitki cinsi.
İÇİNDƏKİLƏR
- 1 Qulançar Azərbaycanda 9 növüdə bitir
- 2 Dərman qulançarı – Asparaqus officinalis
- 3 Qulançarla bağlı çox verilən suallar
- 4 Qulançar tarixi
- 5 Qulançar – Faydaları
- 6 MEA Botanika İnstitutu (Qulançar)
- 7 Qulançar video
- 8 Botaniki təsviri
- 9 Vərəm xəstəliyi
- 10 Böyrək xəstəlikləri (Qulançar)
- 11 Sidikqovucu xüsusiyyəti
- 12 Şəkər xəstəliyinə qarşı
- 13 Qan təzyiqi xəstəliyinə qarşı
- 14 Sonsuzluğa qarşı
- 15 Yel xəstəliyi
- 16 Baş tükünün tökülməsi
- 17 Qulançar Reseptlər
Qulançar Azərbaycanda 9 növüdə bitir
- Qırıqküncvari qulançar (Asparagus angulofractus)
- Qısayarpaqlı qulançar (Asparagus brachyphyllus)
- Bresler qulançarı (Asparagus breslerianus)
- Xəzər qulançarı (Asparagus caspius)
- Daur qulançarı (Asparagus davuricus)
- Dərman qulançarı (Asparagus officinalis)
- İran qulançarı (Asparagus persicus)
- Çoxyarpaqlı qulançar (Asparagus polyphyllus)
- Topayarpaq qulançar (Asparagus verticillatus)
Dərman qulançarı – Asparaqus officinalis
Qulançar bitkisi növləindən yalnız bir növü Asparaqus officinalis (Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib becərilir. Qulançar və ya Mərəçüyüd cinsi “Azərbaycan florası” -nda (1952, II cild səh. 193) Quşüzümü kimi getmişdir. Azərbaycanda aparılan çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar isə bu bitkini “Mərəçüyüd”, “Mərəçöyüd”, “Mərəvçə” və s. adlandırırlar. Bütün bunları nəzərə alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması qəbul edilmişdir.
AMEA MNB-da 1968-ci ildən aparılan tədqiqatlar bizə bunu deməyə imkan verir ki, Azərbaycan florasında əvvəllər tədqiq olunmuş 6 növdən əlavə 3 növüdə vardır. Bunlar “Qafqaz geofitlərinin konspekti” (1983) və “Qafqazın geofitləri” (2002) monoqrafiyasında öz əksini tapmışdır. Bitki latın dilində “Asparaqus” adlanır. Bu söz fransızca formakope olub lüğəti mənası “dərman hazırlamaq” deməkdir. Yunan dilində isə “bərk”, “bərk yapışan”, yaxud “bərk cıran” mənası verir ki, bu ad ona cinsin bir çox növlərinin zoğlarında hər şeyə ilişən iti tikanlarına görə verilib.
Qulançarla bağlı çox verilən suallar
- qulançar
- qulancar
- qulançar bitkisi
- qulancar bitkisi
- qulançar nədir
- qulançar bitkisinin faydaları
- qulançar qiyməti
- qulancar bitkisi haqqinda
- qulancar rus dilinde
- qulancar nedir
- gulancar
- qulancar qiymeti
- qulançar toxumu
- qulancar harda satilir
- quşqonmaz bitkisi
- dərman qulançarı
- qulançar satışı
- lançar bitkisi
Qulançar tarixi
Qulançar və ya Mərəçüyüd 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum idi. Respublikamızda Qulançar bitkisi və Mərəçüyüdün 9 növünün yayılmasına baxmayaraq, onların bir neçə növü qidalılıq əhəmiyyətinə malik olub, xalq arasında yeyilir.
Dərman qulançarı Qafqaz xalqları arasında geniş istifadə olunur. Bitkiyə gürcü dilində – “kamamuri“, rus dilində “sparja“, qırğız dilində -“kumı-sakkızı” deyirlər. Bitki ilk vegetasiyaya başlayan vaxtdan 10-15 gün sonra zoğları inkişaf etməyə başlayır. Elə bu vaxt onun tər, yumşaq, cavan zoğları əksər rayonlarda əhali tərəfindən toplanır və yeyilir. Bundan əlavə onun budaqlarını duzlu suda pörtür, sonra bir balaca sıxıb suyunu çıxarır, yağ-soğanla qızardırlar. Dadına, ləzzətinə və qidalılığına görə çox qiymətlidır.
Qulançar – Faydaları
Qulançarın kökümsovu, kökləri, çiçəkləri, giləmeyvəsi və toxumu bir çox xəstəliklərin böyrək, ürək, vərəm, və s. müalicəsində geniş istifadə edilir, qandayandırıcı, sidikqovucu xüsusiyyətlərə malikdir.
Qidalılıq və dərman əhəmiyyətinə görə, topayarpaq Qulançar və ya Mərəçüyüd ən geniş istifadə olunan növdür. Bitki respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Ağdam, Füzuli, Cəbrayıl və s. rayonlarda yerli əhali Mərəçüyüdü “ağıllı” və “dəli” Mərəçüyüd kimi tanıyır və onları asanlıqla bir-birindən fərqləndirirlər.
“Ağıllı” Mərəçüyüdün zoğları tünd qırmızımtıl, “dəli” Mərəçüyüdünkü isə açıq-yaşıl, solğun-yaşıl rənglidir. Amma uzunmüddətli tədqiqatlar göstərdi ki, bir çox rayonlarda “dəli” Mərəçüyüd də yeyilir. Bitkinin təzə, tər budaq və zoğlarından konserv məhsulları da hazırlanır. Bu bitkidən hazırlanan göy soğanla qulançar və ya mərəçüyüd salatı, pomidor və kələmlə çox dadlı və qidalıdır. Qidalılıq dərəcəsinə görə qulançar və ya mərəçüyüd bir sıra tərəvəz bitkilərini əvəz edir. Onun cavan zoğlarının tərkibində müxtəlif mineral maddələr (kalium, natrium, manqan), fosfor turşusu, 60-80% azot birləşməri vardır.
MEA Botanika İnstitutu (Qulançar)
Azərbaycan MEA Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından – S.M.Aslanov, E.N.Novruzov, O.V.İbadlı, L.Ə.Şəmsizadənin apardığı tədqiqatlar əsasında Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində becərilən Qulançar və ya Mərəçüyüd bitkisindən müxtəlif metodlar əsasında karotinoid maddəsi almışlar. Həmin tədqiqat işi “Müəlliflik şəhadətnaməsinə” layiq görülmüşdür. Tədqiqat işi nəticəsində qulançar və mərəçüyüdün tərkibində insan orqanizmi üçün daha çox xeyirli olan bir çox maddələr, o cümlədən karotinoid (85% Mq) aşkar olunmuşdur. Bu böyük göstərici olub bir çox bitkilərdən alınan karotinoidin miqdarından qat-qat çoxdur.
Vitamin aktivliyi
Korotinoid yüksək bioloji fəallığa (A vitaminin aktivliyinə) malik maddədir. O, orqanizmdə gedən maddələr mübadiləsində mühüm rol oynayır. Onun insan orqanizmində çatışmaması böyümə və inkişafın ləngiməsinə, gözün görmə qabiliyyətinin azalmasına, müxtəlif xəstəliklərə, xüsusən yolxucu xəstəliklərə qarşı müqavimətin zəifləməsinə, mədə-bağırsaq sisteminin selikli qişasının aşınmasına və s. səbəb olur. Karotinoidlər antimutagen, antikonsirogen, antiradiant aktivliyinə malik olmaqla, müxtəlif mənşəli xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında geniş tətbiq edilir.
Qulançar Qocalmanın qarşısını alır
Onlar orqanizmin qocalmasının qarşısını alır. Karotinoidlər yeyinti, kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa malik məhsulların hazırlamasında, onların saxlanma müddətinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında geniş istifadə edilir. Azərbaycan MEA Mərkəzi Nəbatat Bağında 1968-ci ildən başlayaraq Azərbaycan florasında yayılmış Qulançar və Mərəçüyüd növlərinin kolleksiyası toplanmışdır. 1975-ci ildən isə Qafqazda bitən Qulançar və Mərəçüyüdün növlərinin kolleksiyası Mərkəzi Nəbatat Bağının geofit bitkilər sahəsində toplanmışdır. Toplanmış növlərin tibdə, xalq təbabətində istifadə olunma qaydaları, becərilmə, çoxaldılma üsulları və istifadə olunma tədbirləri öyrənilmişdir.
Qulançar video
Botaniki təsviri
Bu cins Qulançar və ya Mərəçüyüd – Asparaqaceae Juss. fəsiləsinə aiddir. Çiçəkləri bircinsli, ikievli olub, əsasən qoltuqda qınşəkilli yarpaqların (kladodi) qoltuğunda yerləşir. Çiçəkyanlığı düz olub, sərbəstdir. Yumurtalıq üçyuvalıdır. Meyvəsi giləmeyvədir. Gövdəsi çoxsaylı budaqlıdır. Budaqlar üzərində sap və ya iynəvarı nazik yarpaqlar (kladodilər) yerləşir. Çoxillik ot bitkisi olub qısa, ətli kökümsovlara malikdir. Qulançar və ya Mərəçüyüdün xalq arasında ən çox istifadə edilən növləri Topayarpaq Q. və ya M. -A. verticillatus L., Dərman Q. və ya M.-Asparaqus officinalis L. növüdür. Topayarpaq Qulançar və ya Məvəçüyüd çoxillik bitkidir. Yeraltı orqanı güçlü kökümsovlara malikdir. Gövdəsi çox hündür olub, becərmə şəraitindən asılı olaraq 1,5-2 metrə qədər olur. Gövdəsi çoxlu sayda budaqlarla zəngin olub, dırmaşandır. Yarpaqları şəkilini dəyişmiş formada olur ki, buna kladodi deyilir. Kladodilərin uzunluğu 2 sm olub gövdənin qoltuğunda dəstələrlə yerləşir. Sap və ya iynə formalıdır.
Meyvələri
Çiçəklər əksərən budaqların yuxarı hissələrində yerləşirlər. Meyvələri giləmeyvə olub, qırmızı və ya qırmızımtıl-qara rənglidir. Bu növün əkin materialları 1972-ci ildə Füzuli rayonunun Dövlətkarlı, Dilağarda kəndləri ətrafında yerləşən Yelli -dədikdən, Daş yellidən, Torpaq yellinin aşağı , orta yamaclarından, ən çox qaratikan kollarının ətrafından toplanmışdır. Təbii sahələrlə ən çox çiriş, qaratikan, qozqurab, yemlik, danaayağı və s. bitkilərlə birlikdə təsadüf edilir. Gövdəsi çoxlu hamar budaqlardan ibarət çoxillikdir. Gövdəsinin hündürlüyü 160 sm-dir. Kökümsovları dəstə şəklində olmaqla hər il təzələnir. Təzə kökümsovları ağımtıl rəngdə olur. Keçən ildən qalan köklər isə qaralmış və nisbətən yoğunlaşaraq ehtiyat qida maddəsinə çevirilir. Ehtiyat qida maddələri sərf olunub qurtardıqdan sonra köhnə köklər təbii gübrəyə çevrilir.
Yarpaqları
Növün bu xüsusiyyəti onu 50-100 il yaşamasına imkan verir. İynəşəkilli yarpaqlar və yaxud kladodilər xeyli uzun, nazik yumşaq və sapşəkilli olub, uzunluğu 10–14 mm-dir. Topayarpaq Qulançar bitkisi və ya Mərəçüyüd ilə təbii şəraitdə aparılan müşahidələr göstərdi ki, bitkidə vegetasiyaya fevralın əvvəllərində, qönçələmə aprelin başlanğıcında, çiçəkləmə isə maym ortalarında başlayır və 14-16 gün davam edir. Çiçəklər açıq–sarı rəngli, uzunluğu 3–7 mm-dir. Çiçəkləmə dövründə bitkidə 200-230-a qədər çiçək əmələ gəlir. Toxumları iyunun axırı və iyulun əvvəllərində yetişməyə başlayır. Giləmeyvələrin rəngi parlaq-qırmızı olub, içərisində 3-4 hamar, qara rəngli toxumlar əmələ gəlir. Bitkinin gövdəsi iynəşəkilli, yarpaqları, giləmeyvələri bəzək bağçılıqda çox qiymətlidir. Təbii şəraitdən toplanmış toxumları bioloji cəhətdən sağlam olub, 85% cücərti verir. Toxumlarının 1000 ədədinin quru çəkisi 12,3 qramdır.
Təbabətdə:
Hazırda dünya miqyasında Qulançar və ya Mərəçüyüddən fitoterapiya sahəsində bir çox xəstəliklərin müalicəsində uğurla istifadə olunur. Belə ki, bitkinin kökü, kökümsovu, təzə-tər zoğları, gövdəsi, iynə və ya sapşəkilli yarpaqları (kladodiləri) və toxumları müxtəlif xəstəliklərin müalicəsində — sidikqovucu, sidik kisəsinin ağrıları, qan təzyiqi, vərəm, ürək ağrıları, yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur.
Vərəm xəstəliyi
Vərəm xəstəliyinə düçar olan xəstələr yemək rasionunda Qulançar bitkisi və ya Mərəçüyüddən istifadə etsələr daha faydalı olar. Çin təbabatində bitkinin köklərinin dəmləməsindən sidikqovucu, orqanizmin tonusunun yaxşılaşdırılması, hərarətin salınması, qan dövranının tənzimlənməsi, yel, şəkər və vərəm xəstəliyinin müalicəsində istifadə olunur. Dərman Qulançar və ya Mərəçüyüdün qurudulmuş köklərindən 3 xörək qaşığı götürüb xırda-xırda doğrayır, ilıq suda yuyub təmizləyir və onun üzərinə 3 stəkan qaynar su əlavə edib vam odun üzərində 5-7 dəqiqə dəmləyərək onu süzüb təmiz şüşə qaba qoyurlar. Yeməkdən 15 dəqiqiə əvvəl səhər və axşam 1 xörək qaşığı qəbul edilir. Qəbul vaxtı 1 ay davam edir.
Böyrək xəstəlikləri (Qulançar)
Böyrək orqanizmdə ən həssas orqan olub, hər insanın öz yumruğu boyda olmaqla, ümumi çəkinin 200 qramını təşkil edir. Tez xəstələnir və tez də müalicə oluna bilir. Hələ lap qədimdən bir çox ölkələrdə – Çində, Bolqarıstanda, Fransada Qulançar və ya Mərəçüyüdün tər zoğlarından, köklərindən böyrək xəstəliklərinin müalicəsində istifadə etmişlər. Azərbaycanın bir çox bölgələrində xalq arasında bitkidən bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyrəklərdə ağrılar, iltihabı proseslər, sancılar olarsa, Qulançar və ya Mərəçüyüdün qurumuş köklərindən 3 qr, gicitkan yarpağından 1 qr, əvəlik kökündən 1 qr, itburnu meyvələri və bağayarpağından hərəsindən 2 qr və qatırquyruğundan 5 qr götürüb qarışdırırlar. Qarışıqdan 1 xörək qaşığı 200 ml qaynar suya tökür və 30 dəqiqə dəmləyirlər. Sonra onu süzüb təmiz şüşə qaba tökürlər. Yeməkdən 10 dəqiqə əvvəl bir xörək qaşığı ilıq halda qəbul edilir. Qəbul müddəti 30 gündür. Yaxşı olar ki, bu müalicə payız və yaz aylarında qəbul aparılsın.
Sidikqovucu xüsusiyyəti
Bitkinin giləmeyvələri seçilir, yuyularaq toxumdan təmizlənir. Toxumlarından 30 ədəd götürüb həvəngdəstədə əzib toz halına salırlar. Əzilmiş tozdan və qatırquyruğundan hərəsindən 1 çay qaşığı götürüb 100 ml qaynar suya tökür və qarışdırıb vam odun üzərinə qoyurlar. Qaynamağa imkan vermədən 50 dəqiqə dəmləyirlər. Sonra süzüb təmiz şüşə qaba tökürlər. Səhər, axşam yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir. Giləmeyvələri də sidikqovucu xassəyə malikdir. 1 xörək qaşığı giləmeyvəsini 1 stəkan qaynar suda dəmləyib 50 qr içmək məsləhətdir.
Sidik kisəsi daşının tökülməsi
Qurudulmuş kökümsovların köklərini yuyub təmizləyir və xırda-xırda doğrayaraq qaynar suda yaxalayırlar, 100 qr. götürüb 200 qr. qaynar suda 30 dəqiqə dəmləyir və süzüb təmiz şüşə qaba yığırlar. Yeməkdən 30 dəqiqə qabaq ilıq halda səhər-axşam 50 qr. qəbul edirlər. Yaxşı olar ki, qəbuldan 1 gün sonra isti vanna qəbul edilsin. Vanna qəbul edərkən vannanın içində dizdən bükməklə qarına doğru 20 dəfə aram-aram dartmaq lazımdır. Sidiyə gedən zaman daşın düşməsini yoxlamaq üçün bankadan istifadə etmək məsləhətdir.
Şəkər xəstəliyinə qarşı
Bitkinin cavan zoğları yuyulub təmizlənir, xırda-xırda doğranır və ondan 3 çay qaşığı götürərək üzərinə 1 stəkan qaynar su əlavə edir, qarışdırılır, dəm almaq üçün ağzını nəlbəki ilə örtürlər. Yaxşı dəm almaq üçün stəkanı yun parçaya bükmək məsləhətdir. 2 saatdan sonra onu süzüb təmiz şüşə qaba tökür və ilıq halda səhər, axşam ac qarnına 1 xörək qaşığı qəbul edirlər. Təcrübələrlə sübut edilmişdir ki, bitkinin toxumu və giləmeyvələri də şəkər xəstəliyinin müalicəsində əhəmiyyətli kömək edir.
Qan təzyiqi xəstəliyinə qarşı
Qulançar və ya Mərəçüyüdün tərkibində asparaqin, koniferin qlikozidi, saponin, xelidon turşusu, karotin B və C vitaminləri vardır. Sınaqdan keçirilmiş təcrübələrin nəticələri göstərir ki, vena qan damarına asparagin və qulançar və ya mərəçüyüd cövhəri vurulduqda qan təzyiqini aşağı salır. Bitkinin kökündən, kökümsovundan götürüb yaxşı-yaxşı yuyub təmizləyir, xırda-xırda doğrayır, 3 çay qaşığı götürüb, 3 çay qaşığı cavan zoğları ilə birlikdə 2 stəkan qaynar suda 30 dəqiqə dəmləyirlər. Sonra onu süzür və təmiz yuyulmuş şüşə bankalara tökürlər. Səhər- axşam ac qarına 2 xörək qaşığı qəbul edilir.
Sonsuzluğa qarşı
Giləmeyvələr tam yetişən vaxt (payızda oktyabr-noyabrda) yuyulur və içərisindəki toxumları təmizləyərək sərib qurudurlar. Qurudulmuş toxumlar işığı keçirməyən tünd rəngli kimyəvi bankalara yığıb ağzını örtür və soyuducuda saxlayırlar. İlk yazda (qan qaynayan vaxt) 30 ədəd toxumu əzilərək un halına salınır. Əzintidən 2 xörək qaşığı götürüb 2 xörək qaşığı təmiz balla qarışdırılır. Səhər, günorta və axşam yeməkdən 20 dəqiqə qabaq 3 çay qaşığı qəbul edilir. Qəbul vaxtı 21 gündür. Qəbul zamanı içki içmək və siqaret çəkmək qadağandır. İlk yazda Qulançar və ya Mərəçüyüdün vegetasiyaya başlanması vaxtıdır. Bu vaxtlarda o 2, 3 və ya 4 illik zoğlar əmələ gətirir. O zoğları bişirib yemək sonsuzluğa qarşı çox xeyirlidir.
Yel xəstəliyi
Qurudulmuş kökümsovları, kökləri isti su ilə yuyub təmizləyir, sonra xırda-xırda doğrayıb 3 xörək qaşığı götürüb 200 qr. suda dəmləyirlər. Bu dəmləməni səhərlər yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir. Oynaqlarda (topuqda, dizdə) ağrılar baş verərsə qulançar bitkisi və ya mərəçüyüdün qurudulmuş kökümsovlarından 5 xörək qaşığı götürüb xırda-xırda doğrayır, 1 stəkan qaynar suda dəmləyir və süzürlər. Həmin dəmdən 3 xörək qaşığı, meymun çörəyi meyvəsinin şirəsindən 1 xörək qaşığı, kəvər (yerqulağı) kökünün şirəsindən 1 çay qaşığı götürüb qarışdırırlar. Ağrı olan yerləri spirtli pambıqla yaxşı -yaxşı silir, sonra silinmiş yerə qatışıqdan azacıq yaxıb əlin içi ilə yaxşı-yaxşı ovurlar. Əməliyyat qurtardıqdan sonra həmin masaj edilmiş yeri yun əski və ya yun şərflə bağlayırlar. Sarğı 24 saatdan sonra açılır və yenisi ilə əvəz edilir. Müalicə 5-7 gün davam etdirilir.
Baş tükünün tökülməsi
Qurudulmuş kökünü isti suda yuyub təmizləyir, xırda -xırda doğrayır və ondan 2 xörək qaşığı götürüb 200 qr qaynar suda dəmləyirlər. Dəmi süzüb təmiz stəkana tökürlər. Sonra təmizlənmiş giləmeyvəsindən 2 xörək qaşığı, qurumuş gicitkan yarpağmdan 3 xörək qaşığı və gülxətmi çiçəyinin qurusundan 2 xörək qaşığı götürüb, Qulançar və ya Mərəçüyüdün dəminin üzərinə əlavə edib təkrar dəmləyirlər. Dəm hazır olanda başı ilıq su ilə yaxalayır və dəmlənmiş davacatı pambığa hopdurub yaxşı–yaxşı başın tükünün diblərinə yaxırlar. Sonra başı isti dəsmalla bağlayırlar, 30 dəqiqədən sonra ilıq su ilə yuyurlar. Yaxşı olar ki, bu əməliyyat payız və yaz aylarında başın tükü tökülməyə başlayanda aparılsın. Müalicə kursunu 10 gün davam etmək məsləhətdir.
Ürək–damar xəstəlikləri
Qulançar Reseptlər
Bitkinin qurudulmuş köklərindən 150 qr. götürüb qaynar suda yaxşı–yaxşı yuyur, xırda-xırda doğrayıb 200 qr. qaynar suda dəmləyirlər. Sonra onu süzüb səhər-axşam ac qarına 1 xörək qaşığı qəbul edirlər. Bu damarların kirəcləşməsinin qarşısını almaqla, ürək ağrılarına kömək edir. İlk yazda təzə-tər zoğlarından hazırlanmış müxtəlif yeməklər də ürək–damar ağrılarına çox köməklik göstərir.
Qulançar və ya mərəçüyüddən hazırlanan yemək və salatlar
Siyahı
- Qulançar və ya Mərəçüyüd çığırtması hazırlamaq üçün 500 qram Qulançar bitkisi və ya Mərəçüyüd zoğu götürüb, təmizləyir və qaynar suda 2-4 dəqiqə pörtürlər. Sonra onu xırda–xırda doğrayır, yağ-soğanla qızardırlar. Hər kəs zövqünə uyğun olaraq hazırlanmış yeməyin üzərinə yumurta, pomidor və xırda-xırda doğranmış ətirli göyərtilər (şüyüd, keşniş və s.) əlavə edə bilər.
- Qulançarın zoğlarının oduncaqlaşmış hissələri təmizlənir. Təmizlənmiş zoğlar azacıq qaynar duzlu suda pörtülür. Sonra onu xırda-xırda doğrayıb sarımsaqlı qatıqla yeyirlər.
- Bitkinin iri, yoğun zoğları seçilir, nazik şişlərə taxılaraq vam kömür üzərində bişirilir. Sonra pomidor kababı ilə qatılır, üzərinə göyərti əlavə edilərək yeyilir.
- Qulançarın təzə-tər zoğları seçilir, xırda-xırda doğranır, yuyulur və ani olaraq qaynar suda pörtülür. Mis qazan götürülür, divarları və dibi kərə yağla yağlanır və pörtülmüş qulançar və ya mərəçüyüd ora keçirilir. Sonra qazan təndirin və ya ocağın isti külünə basdırılır. 20-25 dəqiqədən sonra qazan çıxarılır və yemək çini qablara çəkilərək üzərinə xama tökülür və süfrəyə verilir. Ləzzətini yeyənlər bilir.
- Qulançarın yumurta ilə çığırtması – təzə tər zoğları təmizlənir, duzlu suda pörtülür, aşsüzəndən keçirilir. Süzülüb hazırlanmış məmulatın kənarlarına və dibinə 30 qram kərə yağı yaxılmış tavada yığılır. 3 ədəd yumurta götürüb sındırır və boşqaba tökür, üzərinə 1 stəkan süd əlavə edib qarışdırırlar. Hazırlanmış qarışığın üzərinə Qulançarı töküb, duxovkada bişirirlər. Hazırlanmış yemək kükü kimi ləzətli olur.
- Qulançar salatı – 500 qram qulançarı duzlu suda pörtüb təmizləyir və xırda-xırda doğrayırlar. Sonra bir ədəd qaynadılmış yumurtanın sarısı xırda-xırda doğranılır, üzərinə 1 xörək qaşığı qarğıdalı yağı, xırda doğranmış cəfəri, zövqə uyğun sirkə əlavə edilir. Sonra hazırlanmış qulançarı onların üzərinə əlavə edib qarışdırırlar. Hazır salatı süfrəyə vermək olar.
- Qulançar və ya Mərəçüyüdlə göy soğan salatı üçün bir dəstə Qulançarı qaynar duzlu suda pörtüb təmizləyir, xırda-xırda doğrayır, üzərinə 1 ədəd bərk bişirilmiş və xırda-xırda doğranmış yumurta, bir neçə ədəd xırda doğranmış göy soğan əlavə edilir. Sonra hazırlanmış salatın üzərinə bitki yağı, döyülmüş qara istiot tozu, sirkə və yaxud narşərab tökülür. Salatı süfrəyə vermək olar.
- Qulançar suxari sous salatı hazırlamaq üçün bitkinin təzə-tər zoğları təmizlənir, yuyulur, qaynar duzlu suda pörtülüb aşsüzəndən keçirilir. Təmiz çini qabın altına salfet qoyulur və süzülmüş qulançar və ya mərəçüyüdü qaba tökür və salfet ilə örtülür. Üzərinə isti suxari sousu əlavə edilərək süfrəyə qoyulur. İsti suxari sousu hazırlamaq üçün südü qızdırır və üzərinə suxari tozu tökülərək qovrulur və ya qızardılır.
- Qulançarın püre şorbasını hazırlayarkən bitkinin təzə-tər zoğlarını təmizləyir, yuyur və xırda-xırda doğrayırlar. Tavaya töküb üzərinə 2 stəkan duzlu su əlavə edir və 10-15 dəqiqə qaynadırlar. Sonra 2 xörək qaşığı unu 2 xörək qaşığı yağda qızardıb üzərinə 3 stəkan süd əlavə edir və üzərinə qaynadılmış Qulançar və ya Mərəçüyüdü töküb, 10-12 dəqiqə bişirirlər. Bişmişə zövqə uyğun duz əlavə edilərək süfrəyə verilir.
Qaynaqlar:
1. wikipedia