Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi – yanlış qidalanma

Piylənmə, ateroskleroz, xroniki yorğunluq sindromu, onkoloji, autoimmun və neyrodegenerativ (Alsheymer, Parkinson) xəstəliklər, astma, podaqra, allergiya, diabet, akne, revmatoid artrit, artroz, fibromialgiya, tükənmə sindromu…

Bu xəstəliklərin günümüzdə çox böyük vüsət alması artıq ÜST tərəfindən həyəcan siqnalına səbəb olmuşdur. Ölkəmizdə də  qeyri-infeksion xəstəliklərlə mübarizə üçün  dövlət proqramı qəbul olunmuşdur (“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”).                                                                                                             

Təzahür və gedişat baxımından çox fərqli olan bu xəstəliklərin əslində çox önəmli ümumi xüsusiyyətləri vardır. Belə ki, onlar:

– ötən illərə nisbətən müasir dövrdə çox geniş yayılmışdır

– əsaslarında əksər hallarda yanlış qidalanma ilə təhrik olunmuş gizli iltihab durur.

İrsi meyillik, pis ekoloji durum, psixoemosional stress, xarici toksinlər etioloji faktor kimi əhəmiyyətli olsa da, əksər hallarda bu xəstəliklər həyat tərzi (life style), xüsusən də yanlış qida vərdişləri ilə bağlıdır.

Qida insan üçün enerji mənbəyi olub, onun yaşamını təmin edir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro- və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər faydalı maddə alıb normal fəaliyyət göstərsin, əks-təqdirdə bu hüceyrə tədricən məhv olacaq. Bu prosesi tək bir hüceyrə deyil, bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə, vaxtsız qocalmaya səbəb olacaq.

Bu sadə prinsipin inkar edilməsi, müasir insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlığa deyil,  qida industriyasına xidmət edən kommersiya qidasının, yaxud, aqressiv qidanın istehsalına güclü təkan vermişdir. Bu növ qidaların istifadəsi əsasən 20-ci əsrin sonu – 21-ci əsrin əvvəlində – sənaye emalı keçmiş qida məhsullarının vüsət alması ilə çox geniş yayılmışdır.

Elə həmin vaxtlardan reklam vasitəsilə uşaq və gənclərin beynində ayaqüstü “yemək kultu” yaradılaraq, ailə yeməyi ənənəsi evlərdən ictimai qidalanma müəsissələrinə daşındı. Eyni zamanda, bu növ yemək yerlərinin al-əlvan, cazibəli əyləncə mərkəzlərində yerləşməsi zərərli yeməkdən alınan xoş təəssüratı təmiz beyinlərə rahatlıqla yeridərək bir dominant yaratdı.

Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar sıravi vətəndaşların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Sənaye qidası yalnız bir məqsədə qulluq edir – şəkər, duz, yağ və  bir çox kimyəvi qatqılar vasitəsilə asılılıq yaratmaq və müvafiq olaraq, belə qidalardan davamlı istifadəyə sövq etmək.

Süni qidanın hansı fəsad törədəcəyini ehtimal etmək çətin deyil. İlk olaraq, onlar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Keyfiyyətsiz və bəzən hətta yararsız xammaldan hazırlandığından onların tərkibinə insan təbiətinə yad və bir çox hallarda toksiki təsir göstərən kimyəvi maddələr əlavə olunur.

Hazırda əsas toksin mənbələri – “tullantı” qida (junkfood) və bu qida və içkilərin qablaşdırıldığı plastik yaradır ki, onların tərkibindəki ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə neqativ təsir göstərərək şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklərə səbəb ola bilər.

Bisfenol kimyəvi strukturuna görə qadın cinsi hormonunun sintetik analoqudur; bütün plastik butulkalar, qablar, o cümlədən körpələri yedizdirmək üçün istifadə edilən qabların tərkibində mövcuddur.

Aqressiv qidalar sırasına çox geniş istifadə edilən və dırnaqarası qida sayılan transyağlar, toksin xassəli  rəngvericilər, qatılaşdırıcılar, dad və qoxu gücləndiricilərdə aiddir.

Bu maddələrin bəziləri hətta asılılıq yaradaraq, leqal narkotik adlandırılmışlar. Məhz bu maddələrdir uşaqları su-çay yerinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönər-şaurmaya, təbii şirni – meyvədənsə qablaşmış keks-konfet-tort-suxariklərə meyilləndirən. Belə qidalanan və kifayət qədər lazımlı nutriyent almayan uşaq orqanizmi qıt resurslarla böyüsə də, təəssüf ki, sağlam olmur. Vüsət almış uşaq aqressiyası və hiperaktivliyi, allergiyalar birmənalı olaraq qida faktoru ilə əlaqəlidir.

Müasir insan çox yeyir, lakin doymur, “acdır” – bunun da səbəbi lazımi inqrediyentlərlə təmin olunmayan, öz daxili resurslarını (vitamin, mineral..) çoxsaylı toksinlərin zərərsizləşdirilməsinə yönəldən  orqanizmin dəyərli komponentləri nədə gəldi axtarmasındadır: məsələn, məlumdur ki, bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur. Bu baxımdan heç bir xroniki xəstəni onun qidasını korreksiya etmədən müalicə etmək mümkün deyil.

Məlumdur ki, hər bir orqan milyonlarla hüceyrədən ibarətdir və bu orqanın yaxşı və ya qeyri-kafi fəaliyyəti onun hüceyrələrinin yaşam mühitindən birbaşa asılıdır. Orqanizmdə hüceyrələr yalnız şəffaf, duru mayeli mühitdə fəaliyyət göstərərkən, orqanın və bütövlükdə orqanizmin sağlamlığını təmin edə bilər.

Təəssüf ki, müasir qida və qidalanma tərzi xroniki intoksikasiya törədərək, daxili mühiti kobud şəkildə dəyişir, metabolik pozulmalara, onların əsasında isə sivilizasiya xəstəlikləri adlanan müxtəlif patologiyalara yol açır. Bu mühitin duru, axarlı deyil, qatı bir substansiyaya çevrilməsi hüceyrəarası kommunikasiyaları, hüceyrələrlə mərkəz arasında əlaqələri pozaraq, istənilən terapiyanı bəri başdan uğursuzluğa məhkum edir.

Bu mühitin normallaşması uğurlu terapiyanın çox vacib şərtidir. Bunun ən effektiv və qısa yolu isə dietoterapiyadır. Bu baxımdan müalicənin ilkin mərhələsində qida korreksiyası (qida ilə daxil olan toksin axınının qarşısının alınması, qida toksikozunun aradan qaldırılması və faydalı  qida vasitəsilə endoekologiyanın bərpası) uğurlu terapiyaya zəmin yaradır. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.