Mama-ginekoloq qeysəriyyə əməliyyatının fəsadlarını açıqladı

Qeysəriyyə əməliyyatı etdirən qadın üç dəfədən artıq dünyaya uşaq gətirə bilməz.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, qeysəriyyə kəsiyinin bir çox fəsadları var:

“Türkiyədə qeysəriyyə kəsiyi 67 faiz təşkil edir. Avropa ölkələrində də bu əməliyyat 50-57 faizdir. Azərbaycanda bu əməliyyat 25-27 faiz arası tərəddüd edir. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq.

Qeysəriyyə əməliyyatı etdirən qadın üç dəfədən artıq dünyaya uşaq gətirə bilməz. Çünki uşaqlıq özü balacadır. Hər dəfə eyni yer kəsilir və tikmək üçün kəsik toxumasına yer olmur”.

Sevinc Məmmədova bildirib ki, qadın təbii yolla dünyaya uşaq gətirirsə, uşaqlığının daxili qat səthi hamar olur:

“Yenidən hamilə qalan zaman mayalanmış yumurta uşaqlıqda normal şəkildə inkişaf edir. Uşaqlıq üzərində çapıq olanda mayalanmış yumurta ora yaxın əraziyə də yapışa bilər. Cift çapığın içinə daxil olub, sidik kisəsinə kimi gedə bilir.

Bu zaman mərkəzi cift gəlişi olur. Belə hallarda çox vaxt təhlükəli, qanaxmalı doğuş baş verir. Bəzi hallarda cift gəlişindən qadınları itiririk. Ötən il ana ölümünün ikisinin səbəbi mərkəzi cift gəlişinin çapığından idi. 2017-ci ildə 21 ana ölümü cərrahi yolla doğan qadınlarda olub. Əhalidə belə bir anlayış var ki, qarındır, açıldı, uşağı götürdülər, tikdilər və bununla iş bitdi.

Niyə 8-10 saat əziyyət çəkib, uşaq dünyaya gətirim? Bunlar başa düşmürlər ki, uşaq doğulan zaman doğum yollarını asta-asta keçir və qadın ana ölümündən qat-qat uzaqlaşır. Uşaqlığı qeysəriyyə edən zaman beş-altı qat kəsirik. Sonra da onu qat-qat tikirik. Təbii doğuşda isə  qadında kəsik olmur, damara toxunulmur və rahat şəkildə uşaq doğulur”.

Baş mama-ginekoloq qeyd edib ki, ilk hamiləliyində qeysəriyyə ilə doğan qadın digərlərini təbii doğuşla dünyaya gətirə bilər:

“Amma bunun üçün bəzi şərtlər var. Bu doğuş yalnız üçüncü səviyyəli doğuşa yardım müəssisələrində idarə edilməlidir. Bakıda bu, Perinatal Mərkəzdə, Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu və Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həyata keçirilir. Təkrar qeysəriyyə əməliyyatı zamanı uşaq əkizdirsə, 38, təkdirsə, 39 həftəliyindən doğuş reallaşmalıdır.

Bəzən qadınlar təbii yolla doğuş edir və uşağın 40 günü çıxdıqdan sonra yenidən hamilə qalırlar. Əslində, düzgün deyil, amma qeysəriyyə kəsiyi olmadığı üçün doğa bilər”.

“Bəzi qadınlar var, deyir ki, mən qeysəriyyə edəcəm ki, cinsiyyət orqanımda dəyişiklik olmasın. Bu, düzgün deyil. Alimlər də sübut edib ki, doğan və qeysəriyyə əməliyyatı edən qadınlarda uşaqlıq yolundakı sallanmalar eyni faizdədir”, – deyə Sevinc Məmmədova qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.