İmmunitetin güclənməsində qidalanmanın rolu

İmmunitetin güclənməsi üçün bir sıra mühüm şərtlər var. Onlardan biri karbohidratın çox qəbul edilməməsi, xüsusilə axşamlar gec saatlarda qidalanmamaqdır. Minerallarla çox zəngin olan meyvə qurularının yeyilməsi də immun sisteminin güclənməsinə səbəb olur. Dəmirlə zəngin qidaların, o cümlədən alma növlərinin qəbulu çox faydalıdır. Ət xörəkləri qəbul etmək də lazımdır, lakin onun çox qəbul edilməsi immun sistemini zəiflədir. Çünki çəkinin artması xolesterolun, piylənmənin artmasına səbəb olur və bu da immun sisteminə mənfi təsir göstərir. Hər gün normal yuxu rejiminə əməl etməyə çalışmaq, spirtli içkilərdən uzaq olmaq lazımdır. Soyuqdəymə və digər respirator xəstəliklər nəticəsində baş verən xəstələnmələr də orqanizmdə immun sisteminin aşağı düşməsinə səbəb olur. Bəzi xəstəliklərə qarşı aparılan peyvəndlər də immun sistemini möhkəmləndirməyin bir hissəsidir, çünki peyvəndlər aparılmadıqda anticisimlər yaranmır və viruslara qarşı qoruyucu mexanizmlər olmur.

Orqanik.az xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Fərrux Nağıyev immunitetin güclənməsi barədə danışarkən deyib.

Onun dediyinə görə, qidalanma zamanı bir sıra qaydaları gözləmək lazımdır: “Xəmir xörəkləri, çörək və şirniyyatlar xolesterolu çox olan qidalardır. Hər gün eyni növ ətlə qidalanmaq da qətiyyən düzgün deyil, çünki orqanizmin, məsələn, dəmirə və ya maqneziuma deyil, kompleks şəkildə vitaminlərə ehtiyacı var. Məsələn, bir gün qırmızı ətdən istifadə etdikdə səhəri gün balıq, o biri gün quş ətindən istifadə edəndə daha faydalı olur. Yumurtanın həddindən çox qəbul edilməsi damar tıxanıqlığına səbəb olur. Bir gün bal yeyəndən sonra deyək ki, iki gün onun istifadəsinə fasilə vermək lazımdır.

Qida qəbulu zamanı əsas məsələlərdən biri də onun həzmolunma tezliyidir. Məsələn, ət xörəkləri orta hesabla 2-3 saat ərzində həzm olursa, onunla bərabər yeyilən pomidor, göyərti və kartof daha tez həzm olur və həzm zamanı digər qidanı da bağırsaq boyu özü ilə aparır. Qidaların həzmolunma tezliyi fərqlidir və bir sıra qidalar həzm olunmadan bağırsağa keçir və belə olanda qidada faydalı elementlərin mənimsənilməsi faizi aşağı düşür. İlkin həzm mədə və onikibarmaq bağırsaqda mədə turşuluğu və öd fermenti ilə daha sürətli gedir. Yeməkdən əvvəl su və ya meyvə şirəsi qəbul etmək daha yaxşıdır, lakin yemək vaxtı və yeməkdən sonra ondan çoxlu miqdarda istifadə edəndə mədə turşuluğuna səbəb olur, köp əmələ gəlir və bəzən bağırsaqların hərəkətində də narahatlıqlar, qəbizlik və ishal yaranır. Yeməyin üstündən ən azı bir saat keçəndən sonra maye qəbul edilməsi daha məsləhətlidir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.