Uşaqlar arasında yayılan və səpgilərlə müşahidə olunan infeksiyalardan biri də Koksaki virusudur. Həmin infeksiya ilə xəstələnən uşaqlar karantində qalmalıdırlar. Həmin infeksion xəstəliyə, adətən, 3-10 yaş arası uşaqlar yoluxur. Virus yoluxucu olduğuna görə, əsasən tənəffüs yolu, yaxın təmas, çirkli məhsullar və əllər vasitəsilə ötürülür.
Orqanik.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Erkin Rəhimov deyib: “Koksaki 5 yaşından kiçik uşaqlarda özünü ağız ətrafında, ağızın içində, əllərdə və ayaqlarda səpgilərlə büruzə verən virusdur. Həmin virusla xəstələnənlərin şikayətləri əsasən yüksək qızdırma, halsızlıq, baş ağrısı, yuxululuq, iştahasızlıqdır. Bunlarla yanaşı, xəstələrdə səpgilər də müşahidə edilir. Həmin səpgilər təxminən 2-5 gün davam edir”.
Həkimin dediyinə görə, Koksaki virusu ölkəmizdə də var, lakin epidemiya halında deyil. Xüsusən qış aylarında rast gəlinən “influenza” və Koksaki kimi xəstəliklərə uşaqlar bağça və məktəblərdə daha çox yoluxurlar, çünki bəzi valideynlər övladlarını təhsil müəssisələrinə tam sağalmadan göndərirlər.
Koksaki xəstəliyinə südəmər körpələrdə nadir hallarda rast gəlinir, çünki yenidoğulmuşlarda təbii qidalanma ilə əlaqədar möhkəm immunqoruma mexanizmi formalaşır ki, bu da xəstəliyin qarşısını alır. Əslində, Koksakinin xüsusi müalicəsi yoxdur. Sadəcə olaraq, çoxlu maye qəbulu əsas şərtdir. Xəstəlik 3 gündən artıq davam edərsə, uşaq həkim nəzarətində olmalıdır, əks halda fəsadlar yarana bilər.
Qeyd edək ki, son dövrlər uşaqlar arasında müxtəlif virus infeksiyaları, xüsusilə də “influenza” virusu ilə yoluxma geniş yayılıb. Ona görə də uşaqların hansı virusla xəstələndiyini dəqiqləşdirmək üçün həkim müayinəsindən keçmək və təyinatı üzrə müalicə almaq tövsiyə edilir.
Orqanik.az