Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd olunan vətəndaşlar xəstəliyə yoluxsalar belə, infeksiyanı çox yüngül, bəzən hətta simptomsuz keçirirlər. Lakin hətta xəstəliyin əlamətləri müşahidə edilməyən xəstələr də digərlərini yoluxdura bilərlər. Bu, xüsusilə COVID-19-un “omikron” ştamına aiddir. Həmin ştama yoluxan xəstələrdə kliniki gedişatın yüngül olmasına baxmayaraq, onlar başqalarını sürətlə yoluxdururlar. Hesab edirəm ki, bu, əsasən peyvəndləmə ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, xəstələr vaksinasiya nəticəsində nəinki “omikron”u, digər ştamlara yoluxduqda da xəstəliyi yüngül keçirirlər”.
Orqanik.az xəbər verir ki, bu barədə həkim-infeksionist Vüsalə Yaşar məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, “omikron” ştamı yüngül gedişatlı olsa da, peyvənd vurdurmayanların xəstəliyi ağırkeçirmə ehtimalı var: “Ona görə də “omikron”a yoluxan hər kəsin infeksiyanı birmənalı olaraq yüngül keçirəcəyini iddia etmək doğru deyil. Sadəcə olaraq, vətəndaşlara ağırlaşmalardan qorunmaq üçün peyvəndləmə tövsiyə edilir. Unutmaq olmaz ki, COVID-19 əleyhinə ən effektiv profilaktika vaksinasiyadır. Ümumiyyətlə COVID-19-un digər ştamları ilə “omikron” ştamının müalicə metodları arasında, demək olar ki, fərq yoxdur. Müalicə xəstəliyin səviyyəsi, xəstənin mövcud vəziyyəti və laborator müayinələrin nəticəsinə uyğun olaraq aparılır. Xəstəliyin kliniki gedişatı isə yoluxmuş şəxsin immun sisteminin gücündən, yanaşı xəstəliklərindən və s. asılıdır. Yəni, ştamların əlamətləri arasında xüsusi fərq müşahidə edilmir”.
V.Yaşar bildirib ki, son vaxtlar influenza, paraqrip, eləcə də digər virus infeksiyaları çoxalıb: “Onların əksəriyyətinin yoluxma üsulu, əlamətləri, demək olar ki, eyni, müalicə metodu isə müəyyən qədər fərqlənir. Belə virus infeksiyaların simptomları, adətən, eyni olduğu üçün, xəstənin hansı infeksiya ilə yoluxması yalnız laborator müayinə nəticəsində müəyyən edilə bilər. Son müşahidələrə əsasən, influenza ilə yoluxmuş xəstələr daha çox və uzun müddət öskürürlər. Onlarda qızdırma daha çox yüksəlir və bəzi hallarda 5-7 gün davam edir. Lakin həmin əlamətlərin müşahidə edildiyi xəstələrin məhz influenzaya yoluxduğunu birbaşa iddia etmək olmaz. Bir sıra hallarda COVID-19 xəstələrində də belə simptomlar müşahidə edilə bilər”.
Orqanik.az