Havaların isinməsi, bəzi fəsli amillərin təsiri ilə insanların səhhətində olan problemlər aşkara çıxır. Bu gün təcili tibbi yardım briqadasına ən çox edilən müraciətlərdən biri də məhz kardioloji problemlərlə bağlıdır.
Lakin bəzi hallarda müxtəlif bədən nahiyələrində olan problemlərin yaratdığı bu ağrılarla ürək ağrıları səhv salınır. Mütəxəssis, həkim-terapevt Günel Qasımova ilə məhz bu ağrılar, onların fərqlərindən danışdıq.
– Bəzən xəstələr sinədə kəskin ağrıların olması ilə müraciət edirlər. Bu ağrılar nədən qaynaqlanır?
– Epidemioloji olaraq daxil olan bütün ambulator poliklinika müraciətlərinin təxminən 2 faizi, yəni 5 milyon müraciət döş qəfəsi və ya sinədə ağrılar, əzələ-sümük patologiyası, mədə-bağırsaq xəstəlikləri, panik pozulmalar, nevroloji və psixiatrik vəziyyətlərlə əlaqədar olur. Bəzən belə olan halda ağciyər xəstəlikləri də aşkar edilir. Bizə müraciət edən əksər xəstələr deyəndə ki, sinəm ağrıyır, ilkin olaraq belə ehtimal edirəm ki, bu kardioloji yox, başqa ağrıdır. Xəstənin üzünə baxarkən də onun ağrılarının nədən qaynaqlandığını təxmin etmək olur. Lakin qeyd edim ki, təcili yardıma döş qəfəsində ağrılarla müraciət etmiş xəstələrin 50 faizində miokard infarkt aşkarlanır.
– Hansı ağrılarda son illərdə cavanlaşma var?
– Son illərdə nevroloji, sinir və əzələ ağrılarında cavanlaşma var. Bundan başqa, kardioloji ağrılarda da nisbətən olsa da, cavanlaşma var. Bütün bunlar isə insanların yaşadıqları həyat tərzindən, stresslərinin artmasından qaynaqlanır. Ümumiyyətlə, qeyd edim ki, kardioloji problemlərin yaranmasına əsas səbəb isə damarların tıxanması və ürəyin qidalanmasında məhdudiyyətlərin yaranması ilə əlaqədardır.
– İstəyərdim döş qəfəsinin daxili və xarici patologiyaları ilə əlaqədar yaranan ağrılar və onların mənşəyi haqda danışasınız.
– Döş qəfəsinin daxili və xarici patologiyaları ilə əlaqədar ağrılar var. Bu ağrılar damar mənşəli, ağciyər-bronx mənşəli də ola bilər. Ümumiyyətlə, kardioloji əlamətlərdən sonra sinə ağrılarında mədə-bağırsaq xəstəliklərinin də böyük çəkisinin olduğunu deyə bilərik. Olur ki, bəzən ağrılar səthi olur. Bu zaman əlimizlə basdıqda da xəstə ağrılar hiss edir. Bəzən dərmanların da belə ağrılara təsiri danılmazdır.
– Ağrılar psixoloji problemlərlə əlaqəli olduqda nə tövsiyə olunur?
– İnsanların ümumi həyat tərzi çox stressli olduğu üçün bu cür ağrıların olması normaldır. Ağrılar psixoloji problemlərlə əlaqəli olduqda biz xəstəyə sakitləşdiricilərdən, bitki çaylarından istifadə etməyi, həyat tərzlərini, vərdişlərini dəyişməyi məsləhət görürük.
– Müayinə zamanı ilk olaraq nə nəzərə alınır?
– Xəstəni müayinə edərkən ilk olaraq onun emosional vəziyyəti nəzərə alınır. Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu, süd vəziləri nəzərdən keçirilir. Bundan başqa skleroz əlamətlərinin olub olmadığını da nəzərdən keçiririk. Çünki belə olan halda xəstənin damarları tıxanmış ola bilər. Bu zaman isə həqiqətən də kardioloji problemlər aşkara çıxa bilər.
– Xəstələrin gec müraciət etməsinin səbəbləri nədir?
– Bir qisim xəstələr var ki, onlar çox gec müraciət edirlər. Bunun da səbəbi xəstələrin bir hissəsinin həkimə inamsız yanaşması, yaxud da qorxusu ilə bağlıdır. Onu da vurğulayım ki, kardioloji olmayan ağrıların müalicəsi daha asan başa gəlir. Təbii ki, şişlərlə bağlı vəziyyəti istisna etməliyəm.
– Döş nahiyəsində olan şişlər haqda bir az geniş danışardınız.
– Döş qəfəsi daxilində hansısa onkoloji şişlər yerləşə bilər. Çünki şişin gözlə görünməsi o deməkdir ki, o artıq hüceyrə səviyyəsində bədənə yayılıb. Divar aralığında müxtəlif tumorlar, yəni şişlər ola bilər. Belə olan halda şiş hansısa orqanın üzərində, yaxud da qida borusunda özünə yer tapır. Belə olan halda şiş narahatlıq verməyə başlayır. Mənə müraciət edən xəstələr arasında qida borusunda, döş sümüyünün arxasında şiş olan olub. Lakin onlarda ağrı yox, sadəcə olaraq davamlı hıçqırma müşahidə edilib. Dayanmadan hıçqıran xəstəyə güclü ağrıkəsici verdikdə, bədən keyidikdə hıçqırıq keçirdi. Bu xəstələri yoxladıqda onlarda onkoloji xəstəlik aşkarlanıb. Deyərdim ki, bu günədək mənə olan müraciətlərin 20 faizi bu cür problemlərlə əlaqəli olub.
– Ümumiyyətlə, onkoloji xəstəliklərdə cavanlaşma varmı?
– Təəssüflə deyə bilərəm ki, onkoloji xəstəliklərdə də cavanlaşma var. Artıq say o qədər artıb ki, Milli Onkologiya Mərkəzinin qapısından girmək mümkün deyil.
Orqanik.az