Əhalinin əksər hissəsi “omikron” ştamını yüngül keçirir

İki ildən artıqdır ki, həyatımıza daxil olan yeni növ koronavirusun (COVID-19) ştamları narahatlıq yaratmaqda davam edir. Ölkəmizdə əhalinin yoluxma statistikasında hər gün yüksək rəqəmlərlə rastlaşırıq. “Omikron”un adi soyuqdəymə ilə eyni əlamətləri daşıması əhali arasında çaşqınlıq yaradır.

Orqanik.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov yeni ştamda qızdırma, dad və iybilmə kimi ənənəvi əlamətlərin olmadığını bildirib: “Omikron” əvvəlki ştamlardan inkubasion dövrünün qısalığı ilə fərqlənir. Gündüz xəstə ilə təmasda olan şəxs axşam xəstələnir, maksimum 3-5 gün ərzində əlamətlər meydana çıxır. Onun başqa bir fərqi ondan ibarətdir ki, törətdiyi xəstəlik nəticəsində yuxarı tənəffüs yolları zədələnir, ağciyər zədələnməsi daha az hallarda olduğuna görə xəstəxana şəraitində müalicə və ağır halların inkişafına nadir hallarda rast gəlinir. Əhalinin əksər hissəsi onu yüngül keçirir”.

O, “omikron”un koronavirusun sonuncu ştamı olması barədə fikirlərə münasibət bildirərək deyib: “Bunu əvvəlcədən proqnozlaşdırmaq olmaz. Fərziyyələrə inanmaqdansa, peyvənd olunmaq daha düzgün yoldur. Peyvəndin iki dozasını qəbul edən beş ay sonra “buster” dozanı da vurdurmalıdır ki, orqanizmin qazandığı immunitet zəifləməsin. Bu, heç də pandemiyanın sona çatmağı demək deyil. Növbəti aylarda xəstə sayında bir qədər azalmalar ola bilər. Lakin yeni ştamın meydana çıxacağı təqdirdə yeni dalğalar da ola bilər”.

Mövcud qaydalara riayət etməklə yanaşı, peyvəndləmə prosesinə də ciddi yanaşılmalıdır. COVID-19-la mübarizədə ən sınanmış yol bundan ibarətdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.