“Sürətlə yayılma hesabına yenidən xəstəxanalar dola bilər…”

“Omikron” ştamı daha çox yuxarı tənəffüs yolları əlamətləri ilə özünü büruzə verir. Bununla yanaşı, yüksək hərarətlə də xarakterizə olunur. İybilmə, dadbilmənin itirilməsi əvvəlki ştamlara nəzərən daha aşağıdır. Bəzən həmin qabiliyyətlərin qorunub saxlanılması, bəzən isə gec bir qədər gec itirilməsi müşahidə edilir. Pnevmoniya yaratmaq qabiliyyəti isə “delta”ya görə daha aşağıdır. Təbii ki, bunlar hələ ki bu günə qədər olan məlumatlardır. Hazırda qış fəsli olduğuna görə, bu mövsümdə sadəcə “omikron” deyil, digər viruslar da aktiv halda olur. Mövsümi qrip də geniş yayılıb. Respirator infeksiyalar qış mövsümünü sevdiyindən onların yayılma qabiliyyəti daha da çoxalır. Qış aylarında vətəndaşlar daha çox qapalı məkanlara üstünlük verdiklərinə görə, burada ara məsafəsi çox zaman qorunmur. O baxımdan qış mövsümündə respirator xəstəliklər daha çox yayılır.

Orqanik.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

V.Əliyev bildirib ki, “omikron” ştamının mənfi cəhəti onun “delta” variantına nisbətən daha sürətlə yayılma xüsusiyyətinə malik olmasıdır: “Bunu gündəlik yoluxma hallarındakı artımla da aydın şəkildə görmək olar. Ancaq xəstəxanaya yatış ehtiyacı və ölüm riski “delta” variantına görə daha aşağıdır. Bu, müsbət haldır. Buna baxmayaraq, vətəndaşlar arxayınlaşmamalıdırlar. Çünki nə qədər sürətli artım olarsa, dolayı yolla xəstəxanaya yatış ehtiyacı da arta bilər. Məsələn, “delta” variantında 10 nəfərdən birinin hospitalizasiya ehtiyacı olurdusa, “omikron” ştamında 20 xəstədən biri xəstəxanada müalicə alır. Sürətlə yayılma hesabına yenidən xəstəxanalar dola bilər, lakin bunu proqnozlaşdırmaq hələ tezdir. Hələ ki, Azərbaycanda çarpayı sayları yetəri qədərdir. Buna baxmayaraq, COVID-19-a yoluxma sayları kifayət qədər çoxdur. Yaxın günlərdə daha yüksək yoluxma sayları görə bilərik. Bunun qarşısını almaq üçün vətəndaşlar vaksinləşmə prosesini gecikdirməməlidirlər. Xüsusilə “buster” dozanı zamanında vurdurmalıdırlar. Xəstəliyin hər hansı spesifik müalicəsi olmadığına görə, vaksin xəstəlikdən qoruyan yeganə vasitədir. Virusun yayılma sürətinin artmasına baxmayaraq, ağırlıq dərəcəsinin azalması xəstəliyin sönməyə doğru getdiyinə dair ümid verir. Hazırda o dönəmə çatmadığımıza görə, vaksin profilaktikasını davam etdirməliyik. Xüsusilə xroniki, yanaşı xəstəliklərdən əziyyət çəkən və ağırlaşma ehtimalı daha çox olan yaşlı xəstələr mütləq “buster” doza ilə peyvəndlənməlidirlər. Araşdırmaların nəticəsi onu göstərir ki, “buster” doza qoruyucudur. Bununla paralel olaraq pandemiyanın əvvəlindən tövsiyə edilən qızıl qaydalara əməl etmək də unudulmamalıdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.