Professor Omikron ştamının əlamətini açıqladı

İlk dəfə Cənubi Afrika ölkələrində aşkar edilən koronavirusun “Omikron” ştamı ölkəmizdə də yayılmaqdadır. O, digər ştamlara nisbətən daha sürətlə yayılır ki, mütəxəssislər bunun səbəbini daha yoluxdurucu olması ilə əlaqələndiriblər.

Orqanik.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov məlumat verib.

Kafedra müdiri bildirib ki, “Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır: “Əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər “Omikron” ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər. Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur”.

Dosent R.Bayramov heç kimə arxayınlaşmamağı, qaydalara əməl etməyi məsləhət görüb. Bildirib ki, əgər qaydalara əməl edilməsə, bu ştam zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər.

Tənəffüs infeksiyalarına, o cümlədən koronavirus infeksiyasına yoluxmaqdan qorunmağın elə də asan olmadığını deyən R.Bayramov heç kimin bundan sığortalanmadığını bildirib: “Xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir. Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var”.

Həkim “Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əlamətlərdən də danışıb. Qeyd edib ki, bu zaman xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. “Omikron” ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır.

Onun sözlərinə görə, ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o çümlədən venadaxili infuziyaları – sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir: “Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”. /aztibb.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.