Oynaqların və ürəyin qənimi REVMATİZM

Oynaqların və ürəyin qənimi REVMATİZM

Revmatizm ürəyi, damarları, oynaqları, qığırdaqları və sinirləri zədələyən təhlükəli iltihabi xəstəlikdir.

Revmatizm daha tez-tez 7-15 yaşlı uşaqlar arasında inkişaf edir. Revmatizmin əsas təhlükəsi ondan ibarətdir ki, hətta düzgün müalicədən sonra bu xəstəlik bir çox hallarda xroniki formaya keçir və daha sonra tez-tez residivləşir (təkrarlanır).

Revmatizmin səbəbləri

– keçirilmiş kəskin streptokokk mənşəli infeksiyalar (angina, skarlatin, otit və s.)

– irsiyyət

– allergik reaksiya (streptokokka və onun ifraz etdiyi maddələrə)

– immun sisteminin zəifləməsi.

Revmatizmin fəsadları

Revmatizm ürəyi zədələyir. Bu pozulmanın xüsusi adı da var – revmokardit. Revmokardit zamanı ürəyin qişaları – daxili qişa (endokardit), xarici qişa (perikardit) və orta qişası olan ürək əzələsi (miokardit) iltihabi prosesə qoşula bilər.

Revmatizmin əsas təhlükəliliyi ondan ibarətdir ki, hətta xəstəlik yüngül keçdikdə belə, iltihabi proses ürək qapaqlarını da zədələyə bilər. Bu zaman qapaqlar büzüşür, dağılır, öz elastikliyini itirir. Nəticədə bu qapaqlar ya tam açılmır, ya da kameralar arasındakı dəlikləri tam şəkildə qapanmırlar.

Qapaqlarda yaranan qüsur nəticəsində ürək öz fəaliyyətini normal şəkildə icra edə bilmir ki, bu da ağır fəsadların (aritmiya, xroniki ürək çatışmazlığı, tromboemboliya) baş verməsinə səbəb olur.

Ürək qapaqlarının qüsurları bir neçə il ərzində heç bir əlamətlə özünü büruzə verməyə də bilər. Bu qüsurlar bir sıra hallarda aparılan profilaktik müayinələr zamanı, bəzən isə xəstəlik digər fəsadlar verdikdə aşkar olunur.

Ürəkdən əlavə revmatizm əksər hallarda oynaqları da zədələyir – oynaqlar ağrılı olur, onların hərəkətliyi kəskin azalır, xəstəlik inkişaf etdikcə oynaqlar əyilir, dağılır.

Revmatizmin əlamətləri

Adətən bu simptomlar keçirilmiş kəskin infeksion xəstəliyindən 2-3 həftə sonra meydana çıxa bilər:

– süstlük, zəiflik

– bədən hərarətinin yüksəlməsi

– oynaqlarda (adətən diz və dirsək oynaqlarında) ağrılar, oynaqların şişməsi və qızarması

– ürək nahiyəsində küt, sızıldayan ağrılar

– ürək döyüntülərinin artması, bəzi hallarda ürək ritminin pozulması.

Müalicə

Xəstəliyin müalicəsi ilə kardioloq-revmatoloq məşğul olur.

Xəstəliyin müalicəsi çətin və uzunmüddəlidir.

Müalicə zamani istifadə olunan əsas preparat antibiotik bisillindir.

Bundan əlavə aspirin və həmçinin hormonal preparatlar (prednizalon) istifadə oluna bilər.

İmmun sisteminin daim möhkəmləndirilməsi də revmatizmin müalicəsində böyük rol oynayır.

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.