“Omikron” səthlər üzərində daha çox qala bilir
“Omikron” səthlər üzərində daha çox qala bilir üçün şərhlər bağlıdır

Ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında antirekord qeydə alınıb. COVID-19-un yeni ştamı olan “omikron”a yoluxanlarda soyuqdəyməyə bənzər əlamətlər yaranır. Boğaz ağrısı, burun axması, asqırma, halsızlıq, başağrısı yeni ştamın əsas əlamətləridir. Xəstələrin bir hissəsində isə öskürək, hərarət, iybilmənin itməsi halları da müşahidə olunur.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-infeksionist Ləman Qalimovanın dediyinə görə, virusla mübarizədə əsas amil immunitetin formalaşmasıdır: “İnfeksiyanın “omikron” ştamı olub-olmadığını aydınlaşdırmaq üçün mütləq PZR testindən keçmək lazımdır. Ən düzgün yol – “buster” dozanın vurulmasıdır, çünki həmin doza vurulandan sonra xəstəlikdən qoruyuculuq faizi artır. Onu da qeyd etmək lazımdır ki, “omikron”un səthlər üzərində qalma müddəti daha çoxdur, hətta plastik səthlərdə 8 saatadək qala bilir”.

Mütəxəssislər bildirirlər ki, “omikron”a qarşı iki doza vaksin 25 faiz qoruma yaradırsa, üçüncü dozadan sonra bu rəqəm 70 faizin üzərindədir. Həkim məsləhəti olmadan antibiotiklərin qəbulu isə yolverilməzdir: “Antibiotik bakteriya əleyhinə dərmandır və onun virus xəstəliyinin müalicəsində istifadə edilməsi düzgün deyil. Əgər onun təyin olunmasına ehtiyac varsa, bu, ancaq həkim təyinatı əsasında olmalıdır”.

COVID-19-un yeni ştamı daha çox yoluxdurucu olsa da, inkubasiya dövrü azdır. Virus hamilə qadınları və uşaqları da yoluxdurur. Həkim-infeksionist bununla əlaqədar deyib: “Məktəblərdə şagirdlərin maska taxması, əl gigiyenasına riayət etməsi mütləqdir. Başağrısı, hərarəti olan, burnu axan uşaqları valideynlər məktəbə göndərməməli və təcrid etməlidirlər ki, yoluxma digər şagirdlər arasında yayılmasın”.

Orqanik.az

0

Yuxarı

X