Hər burun axması və qızdırma kovid deyil – Həkim

Son zamanlar bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar arasında müxtəlif viruslar kütləvi şəkildə yayılmaqda davam edir. Bu viruslardan uşaqları qorumaq üçün valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bəzən həkim məsləhətinə riayət edir, bəzən də türkəçarələrə üz tuturlar. Nəticədə müxtəlif fəsadlar ortaya çıxır.

Orqanik.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müəllimi Qoşqar İsmayılov fikirlərini bölüşüb.

“Hər il olduğu kimi, bu il də uşaqlar mövsümi xəstəliklərə tutulur və onlarda ən çox burunaxması, qızdırma hallarına rast gəlinir. Lakin bu il əvəlki illərə nisbətən virusların sayı çoxalıb. Çünki il-ildən ekologiyanın korlanması, qidalarda keyfiyyətin azalması, radiasiyaların artması insanlarda immun sistemini zəiflədir və nəticədə xəstəliklərin yaranmasına səbəb olur. Ancaq virusların bu dərəcədə artmasının səbəbi təkcə bunlar deyil. 2019-cu ildə pandemiya yox idi, amma günə 2-3 pnevmoniya xəstəsi qeydə alınırdı. Şəxsən mən özüm həmin vaxt onları stasionara alırdım və xəstəxanaya yatırırdım. O zaman bu çox sürətlə yayılırdı. Hətta mart ayına qədər hər gün yüksək hərarət və burunaxması ilə xəstəxanaya daxil olanlar var idi. Ondan sonra ki pandemiya başladı, qapanmalar oldu, xüsusilə də məktəblər, bağçalar bağlandı, uşaqlarda virusun yayılması xeyli azaldı. İndi bu müəssisələr açıldığı zaman, təbii ki, yenidən uşaqlar arasında əlaqələr oldu və virusların mövsümi yayılması baş verdi. Digər tərəfdən də ilyarım müddətində evdə oturmuş uşaqların immun sistemi zəiflədiyi və o viruslara uyğunlaşmaq vərdişi pozulduğundan, xəstəliklərin sürətlə yayılmasına gətirib çıxardı”.

Koronavirus xofunun insanların fikrindən çıxmadığını, onların psixoloji cəhətdən qorxu keçirdiklərini də vurğulayan həkim bildirib ki, əvvəllər də insanlarda qızdırma və yaxud qrip olub. Lakin adi hal kimi qarşılanıb və belə həyəcan olmayıb:

“Aydındır ki, indi məlum pandemiya səbəbindən insanlar təlaşlanır. Bu stres də onlarda həm immun sistemini zəiflədir, həm psixoloji problem yaradır, həm də əlavə olaraq maddi cəhətdən ziyan vurur. Lakin dünya alimləri də deyirlər ki, “Omikron” sürətlə yayılsa da, əvvəlki ştamplardan bir qədər zəifdir. Bildiyiniz kimi, Yeni ildən sonra uşaqlar arasında yüksək hərarət, burunaxması şəklində baş verən yeni dalğa yarandı. Bu hətta ailədə böyüklərə də keçir. Bəzi xəstələrdə hərarət 12 saat ərzində düşmür və məcbur olaraq stasionar müalicəyə cəlb edilir. Bu virus sentyabr və oktyabr ayları ilə müqayisədə daha ciddidir və daha kəskin gedişlidir. Hətta bizə öskürəklə müraciət edən 5 uşaqdan 3-də pnevmoniyaya rast gəlinirdi”.

Virusların canlı olduğunu qeyd edən həkim söyləyir ki, onların da öz aktiv dövrü var:

“Viruslar əsasən yaz-payız aylarında ən çox inkişaf edir. Bizdə havalar yaz- payız kimi keçir. Əgər qışda normal soyuq, şaxta hiss olsa, havalar mənfi dərəcəyə düşsə, viruslar bu qədər aktivliyini davam etdirməz. Onu da söyləyim ki, indiki virus xəstələrinin statistikasına baxsaq, çoxlarında COVID-19 neqativ çıxır. Yəni hazırki dalğa həmişə olan viruslardır və bu proses mart ayına kimi tamamilə səngiyəcək. Mən valideynlərə həmin müddətə qədər xəstə uşaqları məktəb və bağçaya buraxmamağı məsləhət görərdim”.

Q.İsmayılovun sözlərinə görə, qida məhsullarının da keyfiyyətinə diqqət yetirilməlidir. İnsanlar təbii və keyfiyyətli məhsullar almalı, gündəlik istifadə edilən ət, çörək, bitki tərkibli yağlar, təbii süd məhsulları və eləcə də mövsümdə yetişən meyvələrə üstünlük verməlidir. /aztibb.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.