Bu vitaminin normada olması dəri və göz sağlamlığı üçün faydalıdır

Xüsusilə bayram ərəfəsində qeyri-sağlam qidalanma nəticəsində orqanizmdə vitamin çatışmazlığının yaranma ehtimalı çoxdur. Ümumiyyətlə vitaminlər orqanizm üçün çox önəmli elementlərdir. Vitaminlərin orqanizmin, demək olar ki, bütün sistemləri ilə, xüsusilə ürək-damar, sinir və həzm sistemləri ilə əlaqəsi var. Vitaminlər suda və ya yağda həll ola bilirlər. Suda həll olan vitaminlər orqanizmdə artıq miqdarda olduqda bədəndən ifraz oluna bilirlər, ona görə də ciddi təhlükə mənbəyi hesab edilmirlər. Lakin yağda həll olan vitaminlərin bədəndə artıq miqdarda toplanması ehtimalı çoxdur. Belə vitaminlərin artıqlığı bir çox intoksikasiyaya (zəhərli maddələrin təsirindən yaranan patoloji hal) səbəb ola bilər.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri həkim-terapevt Könül Zamanova A və B vitaminlərinin orqanizmə təsiri barədə danışaraq deyib.

Həkim-mütəxəssis bildirib ki, A vitamini orqanizmdə depolana bilən yeganə vitamindir: “Depolandığına görə də A vitamini çatışmazlığı tez-tez rastlaşılan problem deyil. Bu vitaminin normada olması dəri və göz sağlamlığı, həmçinin immun sisteminin güclənməsi üçün faydalıdır. A vitamini çatışmazlığı zamanı daha çox toyuq korluğu xəstəliyi ilə rastlaşmaq ehtimalı çoxdur. Belə xəstələr hava qaraldıqca əşyaları seçməkdə çətinlik çəkirlər. Ümumiyyətlə yağda həll olan vitaminlərin orqanizmdə çox olması ciddi fəsadlar verə bilər. Onu da qeyd edim ki, D vitamini istisna olmaqla, digər vitaminlər bədəndə sintezlənə bilmir. Biz həmin vitaminləri qida vasitəsilə qəbul edirik. A vitamini daha çox ət, qaraciyər, yumurta və süddə, bitki tərkibli qidalardan isə pomidor, kələm, brokkoli və s. məhsullarda daha boldur. A vitamini çatışmazlığından əziyyət çəkən xəstələrə nadir hallarda rast gəlinir”.

K.Zamanova bildirib ki, B qrupuna aid olan vitaminlər çoxdur və onların hər biri bütün orqanizm, xüsusilə də sinir sistemi üçün önəmlidir: “B vitamini azlığı ciddi ürək çatışmazlığına səbəb ola, reflekslərin itməsi ilə nəticələnə bilər. Vitamin çatışmazlığı ayaqlarda ciddi ödem əmələ gətirir, damarların genişlənməsinə səbəb olur. Orqanizmdə B qrupu vitaminləri çatışmadıqda xəstədə daha çox halsızlıq və yorğunluq kimi əlamətlər müşahidə edilir. İrəliləyən vəziyyətdə isə sinir sistemində unutqanlıq, hətta Altsheymer xəstəliyi kimi ciddi fəsadlara yol aça bilər. Həmçinin B vitamini azlığı olan xəstələr dərketmədə çətinlik çəkir, əllərdə qarışqa gəzmə hissi, habelə dəridə səpkilər baş qaldırır. Həmin simptomlar xüsusilə də B1 vitamini çatışmazlığı olduqda müşahidə edilir. B qrupu vitaminləri həm heyvan, həm də bitki mənşəli qidalardan alınır. Ümumiyyətlə sağlam qidalananlarda B qrupu vitaminlərinin çatışmazlığına çox az hallarda rast gəlinir. Burada yanaşı xroniki xəstəliklər və müalicə üçün qəbul edilən dərman preparatları rol oynayır. Misal üçün, şəkərli diabet xəstələrinin istifadə etdiyi dərman preparatı B12 azlığına səbəb ola bilər. Yəni, orqanizmdə vitaminlərin normal səviyyədə qalması üçün yanaşı xəstəliklər nəzarətdə saxlanılmalıdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.